Fransada yaşayış xərclərinin artmasına qarşı keçirilən etirazların kütləvi iğtişaşlara çevrilməsindən sonra ölkənin bir sıra şəhərlərində komendant saatı tətbiq edilib.
Yerli mətbuatın məlumatına görə, bu barədə Fransanın Baş naziri Sebastyen Lekornyu böhran qərargahının iclasından sonra açıqlama verib.
Baş nazir bildirib ki, davam edən talanların qarşısını almaq və mağazaları qorumaq məqsədilə prefektlərə müvafiq məhdudiyyətlərin tətbiqi tapşırılıb.
Paris polisinin qərarına əsasən, paytaxtın Respublika meydanı və “Les Halles” ticarət rayonunda yerli vaxtla saat 23:00-dan 06:00-dək komendant saatı tətbiq olunub. Şəhər mərkəzinin digər hissələrində də aksiyaların keçirilməsinə məhdudiyyətlər qoyulub.
İğtişaşlar nəticəsində ölkə üzrə minlərlə mağazaya ziyan dəyib.
Fransa Ticarət və Sənaye Palatasının rəhbəri Alen Di Kreşenso RTL radiostansiyasına açıqlamasında bildirib ki, oktyabrın 18-i axşamadək təxminən 1500 zərərçəkmə halı qeydə alınıb. Onun sözlərinə görə, talanların vurduğu ziyan yüz milyonlarla avro təşkil edir.
Fransanın ticarət naziri Serj Papen isə oktyabrın 19-da ən azı 3000 mağazanın zərər çəkdiyini açıqlayıb.
Baş nazir Sebastyen Lekornyu vəziyyətin daha da gərginləşəcəyi təqdirdə ölkədə fövqəladə vəziyyət elan olunmasını istisna etmədiyini bildirib.
Hökumət yeni talanların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

