Azərbaycan alpinistləri üçün unudulmaz gün kimi tarixə düşdü.
Den.az xəbər verir ki, Vafacan Kahraman dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsini (8848 metr) fəth etməyə müvəffəq oldu. Bu tarixi nailiyyətlə kifayətlənməyən Vafacan xanım, cəmi iki gün sonra – 17 mayda Himalay dağ silsiləsində yerləşən və dünyanın dördüncü ən yüksək dağı olan Lhotze zirvəsini (8516 metr) də fəth edərək Azərbaycan tarixində yeni səhifə açdı.
Vafacan Kahraman bu uğurlu ekspedisiya ilə Everest və Lhotze zirvələrini fəth edən ilk Azərbaycanlı qadın kimi tarixə düşdü. Onun bu əzmkarlığı və iradəsi təkcə idman ictimaiyyəti üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük qürur mənbəyinə çevrildi.
Qeyd edək ki, Everest və Lhotze zirvələri bir-birinə yaxın yerləşsə də, hər iki zirvəni eyni ekspedisiya çərçivəsində fəth etmək həm fiziki, həm də psixoloji baxımdan son dərəcə çətin və riskli hesab olunur. Bu mənada Vafacan xanımın əldə etdiyi nəticə onun peşəkarlığını, hazırlığını və güclü iradəsini bir daha sübut edir.
Vafacan Kahramanın bu tarixi nailiyyəti Azərbaycan alpinizmində yeni dövrün başlandığını göstərir və gələcəkdə daha böyük uğurların təməlini qoyur.