Sumqayıtda gənc idmançının faciəvi ölümü baş verib.
DenMedia.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 6-cı mikrorayonunda Taekvando Mərkəzində qeydə alınıb.
Şahidlərinin sözlərinə görə, 22 yaşlı Adil Eyvazov məşq zamanı özünü narahat hiss edib və bir neçə dəqiqə sonra huşunu itirib. Dərhal çağırılan təcili tibbi yardım briqadası hadisə yerinə gəlsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhum uzun illərdir taekvondo idman növü ilə məşğul olub. O, ölkədaxili və beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb, müxtəlif medallarla təltif edilib. Taekvando müəlli İsa İsayev bildirib ki, Adil Eyvazov müxtəlif yerlərdə məşqlər edib. Yalnız ötən gün mərkəzə məşq etmək üçün gəlibmiş.
Mərhumun nəşi doğulub boya başa çatdığı Masallı rayonuna aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Gənc idmançının ölüm səbəbi tibbi ekspertiza nəticəsinə əsasən ürək tutması olub. Adil Eyvazovun vaxtsız ölümü idman ictimaiyyəti və onu tanıyanlar arasında dərin hüznə səbəb olub.

