Fransada 12 nəfərin ölümünə səbəb olan həkim ömürlük həbs cəzasına məhkum edilib. Bu barədə Daily Mail nəşri məlumat yayıb.
53 yaşlı anestezioloq Frederik Peşe doqquz il ərzində Bezanson şəhərindəki iki klinikada xəstələrə qəsdən ölümcül dozada dərmanlar yeridib. Məqsədi əməliyyatlar zamanı ağır böhranlar yaratmaq və bununla da həmkarlarını nüfuzdan salmaq olub. Ümumilikdə 30 xəstə zərər görüb, onlardan 12-si həyatını itirib.
Ölümlə nəticələnən ilk hadisə 2008-ci ilin oktyabrında böyrək əməliyyatı zamanı baş verib. 53 yaşlı Damien İlen əməliyyat zamanı dünyasını dəyişib. Analizlər onun orqanizmində ölümcül dozada lidokain aşkar edib. Daha sonra 2009–2017-ci illər arasında xırda cərrahi əməliyyatlar zamanı izaholunmaz ürək dayanması halları qeydə alınıb.
Dönüm nöqtəsi 2017-ci ildə sağlam 36 yaşlı bir qadının onurğa əməliyyatı zamanı baş verib. Peşe tərəfindən edilən inyeksiyadan sonra qadın komaya düşüb, lakin sağ qalıb. Sonradan aparılan analizlər infuziya məhlulunda kalium səviyyəsinin normadan 100 dəfə artıq olduğunu üzə çıxarıb.
Məhkəmə müəyyən edib ki, Peşe damcı məhlullarına kalium, yerli anesteziklər, adrenalin və heparin əlavə edib. İttihama görə, o, həmkarlarına psixoloji zərər vurmaq və hakimiyyət ehtirasını təmin etmək istəyib. Prokuror Tereza Brüisso bu əməlləri “tarixin ən ağır cinayətlərindən biri” adlandırıb.
Peşe klinikalarda zəhərləyici olduğunu etiraf etsə də, özünü günahsız sayıb. Müdafiə tərəfi tam bəraət tələb edib. 15 həftədən çox davam edən məhkəmə prosesindən sonra andlılar heyəti onu bütün 30 epizod üzrə təqsirli bilib.

