Meksikada sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 13 nəfər həyatını itirib, 98 nəfər yaralanıb.
Bu barədə The New York Times məlumat yayıb.
Məlumata görə, yük qatarı Atlacomulco bələdiyyəsində dəmir yolu keçidində iki mərtəbəli sərnişin avtobusu ilə toqquşub. Hadisə yerinə operativ şəkildə xilasedici briqadalar cəlb olunub və yaralılar koordinasiyalı fəaliyyət nəticəsində qısa zamanda xəstəxanalara çatdırılıb.
İlkin məlumatlara əsasən, Mexico City istiqamətində hərəkət edən avtobus tıxac səbəbindən relslərin üzərində qalıb.
“Avtobus yavaş-yavaş relslərə çıxan zaman qatar onun sağ tərəfinə çırpılıb. Avtobus hissələrə parçalanaraq relslərin üzərinə atılıb. Keçiddə görünən şlaqbaum və ya xəbərdarlıq siqnalları olmayıb”, — nəşr yazır.
Faciənin başvermə səbəblərini hazırda ştatın Baş Prokurorluğu araşdırır. Qəza ölkədə dəmir yolu şəbəkəsinin aktiv modernləşdirilməsi fonunda baş verib və bu proses son dövrlərdə insidentlərin sayının artması ilə müşayiət olunur. Hadisə bir daha təchiz olunmamış dəmir yolu keçidlərində təhlükəsizlik problemlərini gündəmə gətirib.

