Ölkə üzrə “Azəriqaz” İstehsalat Birliyinin ödəniş sistemində ciddi texniki problem yaranıb.
Denmedia.az -a vətəndaşların bildirdiyinə görə, ödəniş terminalları vasitəsilə qaz kartlarına pul yatırıldığı halda vəsait kartlara yüklənmir, kart balansı isə boş göstərir.
Ən narahatedici məqam ondan ibarətdir ki, aparatlardan pul çıxılmasına baxmayaraq, ödənişin nəticəsi olaraq qaz sayğacında heç bir dəyişiklik baş vermir.
Məsələ ilə bağlı müxtəlif bölgələrdən çoxsaylı şikayətlər daxil olur. Elə Sumqayıt şəhərindədə vəziyyət eynidir.
Bildirilir ki, problem təkcə bir ərazini deyil, demək olar ki, ölkə üzrə bütün abonentləri əhatə edir. Vətəndaşlar həm terminallar, həm də digər ödəniş vasitələri ilə etdikləri köçürmələrin nəticəsiz qaldığını deyirlər.
Problemin ciddiliyinə baxmayaraq, “Azəriqaz” tərəfindən hələ də rəsmi açıqlama verilməməsi ictimai narazılığı daha da artırır. Xüsusilə axşam saatlarında, havanın soyuq olduğu bir vaxtda bu vəziyyət evində azyaşlı uşağı, xəstəsi və yaşlısı olan ailələr üçün olduqca ağırdır. Bir çox ailələr qazsız qalmaq təhlükəsi ilə üz-üzədir.
Vətəndaşlar bildirirlər ki, bayram günündə və qışın sərt dövründə belə bir problemin yaşanması, üstəlik rəsmi qurumun susqun qalması məsuliyyətsiz və qəbuledilməz yanaşmadır. Onlar ödənişlərinin taleyi ilə bağlı qeyri-müəyyənlik yaşadıqlarını, nə pullarını geri ala bildiklərini, nə də qazdan istifadə imkanının təmin olunduğunu deyirlər.

