Salvador hərbi dəniz qüvvələri Sakit okeanda 6,6 ton kokain daşıyan gəmini ələ keçirib. Bu barədə ölkə prezidenti Nayib Bukele sosial şəbəkə X-də məlumat verib.
Onun sözlərinə görə, ölkə sahillərindən 380 dəniz mili (təxminən 703 km) cənub-qərbdə Tanzaniya bayrağı altında üzən, uzunluğu 54 metr olan gəmi saxlanılıb. Axtarış zamanı, dalğıcların iştirakı ilə balast çənlərində 330 kisə narkotik maddə aşkarlanıb.
Əldə olunan kokainin ümumi dəyəri 165 milyon ABŞ dolları olaraq qiymətləndirilir.
“Bu, ölkə tarixində ələ keçirilmiş ən böyük kokain partiyasıdır”, – deyə Nayib Bukele bildirib.
Əməliyyat zamanı gəmidə olan 4 kolumbiyalı, 3 nikaraqualı, 2 panamalı və 1 ekvadorlu saxlanılıb.

