Beynəlxalq axtarışa verilmiş iki şəxs Azərbaycana ekstradisiya olunub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Azərbaycan vətəndaşları Rauf Əliyev və Natiq Əhmədovun ekstradisiyası ilə bağlı vəsatətlər müvafiq olaraq Rusiya Federasiyası və Qazaxıstan Respublikası Baş Prokurorluqları tərəfindən təmin edilib.
Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində aparılan ibtidai istintaq çərçivəsində müəyyən edilib ki, Rauf Əliyev külli miqdarda ziyan vurmaqla dələduzluq, Natiq Əhmədov isə təkrar dələduzluq əməli törətməkdə şübhəli bilinir.
Hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb olunma qərarı çıxarılıb. Onlar istintaqdan yayındıqları üçün beynəlxalq axtarış elan edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Əliyev Rusiyada, Natiq Əhmədov isə Qazaxıstanda saxlanılıb. Təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

