Angolanın şimal-qərbində qanunsuz qızıl hasilatı aparılan şaxtada baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər ölüb.
Bu barədə hadisənin baş verdiyi Benqo vilayətinin hakimiyyət orqanlarına istinadən Angola İnformasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, 4 nəfəri xilas etmək mümkün olub. Benqo polisinin rəsmi nümayəndəsi Qaşpar Luis İnasiu bildirib ki, ölənlərin hamısı 18-40 yaşlı kişilərdir.
Şahidlərin sözlərinə görə, faciəyə səbəb təpədən güclü torpaq qatının qəfil sürüşməsi olub. Torpaq kütləsi şaxtanı örtüb və içəridə olan insanları böyük dərinlikdə bloklayıb.
Xilasetmə qrupları axtarış-xilasetmə işlərini davam etdirir. Rəsmi olaraq 2 nəfərin itkin düşdüyü bildirilir. Lakin yerli sakinlər yerin altında 70 nəfərə qədər insanın qala biləcəyini iddia edirlər.
İlkin məlumatlara görə, torpaq sürüşməsinə Angolanın bu hissəsində artıq üçüncü gündür davam edən leysan yağışlar səbəb ola bilər.

