Hindistanın Maharashtra ştatında güclü musson yağışları fəsadlara səbəb olub.
Yağışların yaratdığı sel, torpaq sürüşməsi və bina çökmələri nəticəsində 19 nəfər həyatını itirib.
Ən ağır hadisələrdən biri Mumbay şəhərində qeydə alınıb. Burada binanın çökməsi nəticəsində beşi uşaq olmaqla 6 nəfər ölüb. Yağışlarla bağlı digər hadisələrdə isə daha 8 nəfər həyatını itirib.
Şəhərdə güclü yağışların davam etməsi nəticəsində iki ayrı ağac aşması hadisəsi baş verib və 2 nəfər ölüb. Pune şəhərində isə torpaq sürüşməsi nəticəsində 3 nəfərin meyiti tapılıb.
Güclü yağışlar yolları su altında qoyub, məktəblərin bağlanmasına səbəb olub. Avtomobil, dəmir yolu və hava nəqliyyatında ciddi problemlər yaranıb.
Hindistan Meteorologiya Departamenti yaxın iki gün ərzində şiddətli yağışların davam edəcəyini bildirərək bölgə üçün “qırmızı xəbərdarlıq” elan edib. Sakinlərə evdə qalmaq və zəruri olmayan səfərlərdən çəkinmək tövsiyə olunub.
Mumbaydakı Chhatrapati Shivaji Maharaj Beynəlxalq Hava Limanında isə yerli vaxtla saat 11:30-a olan məlumata görə, 17 reys ləğv edilib, 217 reysdə gecikmə yaranıb.

