Bakının Sabunçu rayonunda yerləşən Nardaran qəsəbəsindəki “Sea Breeze” istirahət mərkəzində faciəli hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən uşağın sudan çıxarılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası da cəlb olunub və uşağa reanimatoloji müdaxilələr göstərilib.
Lakin bütün operativ tədbirlərə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.
FHN-in məlumatına görə, hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

