Azərbaycanda bir qrup hərbi vəzifəlinin iştirakı ilə növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, təlim toplanışı 2026-cı il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində keçirilir.
Hərbi hissəyə gələn hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və tibbi müayinədən keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə təmin olunublar.
Daha sonra təlim toplanışının başlanması münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə iştirakçılara toplanışın məqsəd və vəzifələri çatdırılıb. Bildirilib ki, belə tədbirlər ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq səviyyəsinin və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mərasim hərbi vəzifəlilərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.
Daha sonra tədris proqramına uyğun olaraq toplanışa cəlb edilən şəxsi heyətə Azərbaycan Ordusunun silahlanmasında olan hərbi texnika barədə ətraflı məlumat verilib.
Toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıq növləri üzrə nəzəri və praktiki məşğələlər keçiriləcək.




