Azərbaycanlı cüdoçular bu gün üç müxtəlif turnirdə çıxış edərək ümumilikdə 5 medal qazanıblar.
Gənc cüdoçular Türkiyənin İstanbul şəhərində start götürən Avropa Kubokunda 3 mükafat əldə ediblər.
Bu barədə DenMedia.az AzərTAc-a istinadən xəbər verir.
Nihad Məmişov (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək turnirdə birinci yeri tutub. Ayxan Mirzəzadə (60 kiloqram) və Sadiq İsgəndərli (66 kiloqram) üçüncü yeri tutublar.
Azərbaycan millisi 1 qızıl və 2 bürünc medalla 27 ölkə arasında ümumi komanda hesabında 3-cü yeri, gənclər arasında isə 2-ci yeri tutub.
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo yığması Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa Kubokunun ilk günündə bir medal qazanıb. Fərid Rza-zadə (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda erməni idmançı Armen Matevosyan üzərində qələbə qazanıb.
Bundan əlavə, Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın Düşənbə şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb. Bu, Azərbaycanın həmin turnirdə qazandığı ilk medaldır.

