Braziliya Futbol Konfederasiyası ölkə millisinin baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni uzadıb. Bu barədə qurumun saytında məlumat verilib.
Yeni razılaşma dörd il qüvvədə olacaq və 2030-cu il dünya çempionatının sonunadək davam edəcək.
66 yaşlı italiyalı mütəxəssis 2025-ci ilin mayında Braziliya millisinə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda bir il ərzində 10 oyun keçirib: 5 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət. Top fərqi isə 18:8 olub.
Braziliya millisi 2026-cı il dünya çempionatında çıxış edəcək.
Ançelottinin əvvəlki iş yeri İspaniyanın “Real” klubu olub. O, Madrid təmsilçisinə iki dəfə rəhbərlik edib. Ümumilikdə beş mövsüm ərzində “Real” onun rəhbərliyi altında 10 titul qazanıb: iki dəfə Çempionlar Liqası, UEFA Superkuboku, klublararası dünya çempionatı və İspaniya Kuboku, bir dəfə isə İspaniya çempionluğu və İspaniya Superkuboku.

