İyulun 27-dən avqustun 2-dək Bakıda 17 yaşadək idmançılar arasında güləş üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq nüfuzlu yarış böyük beynəlxalq maraq doğurur.
Turnirdə iştirak üçün indiyədək dünyanın müxtəlif ölkələrindən 650-dən çox güləşçi qeydiyyatdan keçib. Ümumilikdə, dünya birinciliyi çərçivəsində Azərbaycan paytaxtına 1000-dən artıq xarici qonağın gələcəyi gözlənilir.
Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək. Daha sonra xalça üzərinə qızlar çıxacaq. Yarışın son günlərində isə sərbəst güləş üzrə qalib və mükafatçılar müəyyənləşəcək.
Hər gün ilkin görüşlər saat 10:30-da, final bloku və medal uğrunda qarşılaşmalar isə saat 18:00-da başlayacaq.
Dünya çempionatının təntənəli açılış mərasimi iyulun 27-də saat 17:15-də keçiriləcək.

