“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qapıçı Mateuş Koxalskinin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Mütəxəssis Misli Premyer Liqasının IV turunda “Araz-Naxçıvan” üzərində 3:2 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib ki, hazırda rəsmi transfer baş tutmayıb, amma danışıqlar həqiqətən aparılıb.
Qurban Qurbanov bildirib ki, polşalı qapıçının müqaviləsində elə bir bənd var ki, hər transfer pəncərəsində klubun danışıqlara qoşulmasını zəruri edir.
Baş məşqçi əlavə edib ki, oyun ərəfəsində bütün komanda yalnız matça köklənmişdi və bu məsələnin detallarını qarşılaşmadan sonra öyrənəcək.
Qeyd edək ki, “Qarabağ” IV turun son oyununda Tofiq Bəhramov adına Respublika stadionunda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edib.
Denmedia.az

