AFFA İntizam Komitəsinin iclası keçirilib.
Toplantıda müxtəlif liqalarda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub. Komitə üç komandaya 0:3 hesablı texniki məğlubiyyət verib.
AFFA U-14 Liqasında keçirilməli olan “Səbail” – “Zəfər” oyunu “Səbail”in matç protokolunu doldurmaması və meydan sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş tutmayıb. Buna görə “Səbail”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Hilal Ağsu” – “Şamaxı” oyununda isə meydan sahiblərinin reqlamentin tələblərini pozaraq ehtiyat heyətinə 9 futbolçu daxil etdiyi müəyyənləşib. Nəticədə “Hilal Ağsu”ya da 0:3 hesablı texniki məğlubiyyət yazılıb.
AFFA U-13 Liqasında keçirilməli olan “Polad” – “Sumqayıt Siti” qarşılaşması da baş tutmayıb. “Polad” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün ona 0:3 hesablı texniki məğlubiyyət verilib.

