Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar–noyabr aylarında Azərbaycandan Taylanda 137,8 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. İxracın ümumi dəyəri 75,9 milyon ABŞ dolları təşkil edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın pul ifadəsində həcmi 158,3 milyon dollar və ya 67,6 faiz azalıb. Fiziki həcm isə 239,1 min ton və ya 63,4 faiz geriləyib. Müqayisə üçün qeyd olunur ki, ötən ilin ilk 11 ayında Taylanda 376,9 min ton neft və neft məhsulları 234,2 milyon dollar dəyərində ixrac olunmuşdu.
Bununla yanaşı, Azərbaycanın ümumi neft ixracının mənzərəsi fərqlidir. Cari ilin yanvar–noyabr aylarında ölkə 21 dövlətə neft və neft məhsulları ixrac edib. Ümumi ixrac həcmi 22,1 milyon ton, dəyəri isə 11,5 milyard ABŞ dolları olub.
Qeyd edilir ki, fiziki ixrac həcmi 576 min ton və ya 2,7 faiz artsa da, ixracdan əldə olunan gəlir 1,8 milyard dollar və ya 13,5 faiz azalıb. Bu azalma dünya bazarlarında qiymət konyunkturasının dəyişməsi ilə izah olunur.

