ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 9,014 milyon barel azalıb. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Bu, 12 sentyabrla başa çatan həftədən bəri ən böyük azalma kimi qeydə alınıb.
Analitiklər isə əksinə, ehtiyatların orta hesabla 2,1 milyon barel artacağını proqnozlaşdırırdılar. Gözləntilərlə real göstəricilər arasında ciddi fərq yaranıb.
13 fevralda başa çatan həftədə benzin ehtiyatları 3,213 milyon barel, distillatlar isə 4,566 milyon barel azalıb. Halbuki ekspertlər benzinin cəmi 300 min barel, distillatların isə 1,4 milyon barel azalacağını gözləyirdilər.
Nyu-York Əmtəə Birjasında ticarət olunan neftin saxlanıldığı Kuşinq terminalında ehtiyatlar 1,095 milyon barel azalaraq ötən ilin iyun ayından bəri maksimum eniş göstərib. Bir həftə əvvəl isə burada 1,071 milyon barel artım qeydə alınmışdı.

