Türkiyənin İğdır valisi Mustafa Fırat Taşolar Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, səfər Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə birgə təşkil olunub.
İğdır valisi Mustafa Fırat Taşolar ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilən görüşdə tərəflər Naxçıvan və Türkiyə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Görüşdə Zəngəzur dəhlizinin regionun gələcək iqtisadi inkişafı və nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətinə xüsusi diqqət ayrılıb.
Bundan əlavə, nümayəndə heyəti Qars valisi Ziya Polat və bələdiyyə sədri Ötüken Senger ilə də görüşüb. Danışıqlar zamanı qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyaların cəlb edilməsi və regionlar arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan və yerli biznes nümayəndələri ilə görüş keçirilib. Azərbaycan tərəfi Naxçıvanda sahibkarlar üçün vergi, gömrük və sosial güzəştlər, regionun ixrac potensialı və ikitərəfli əməkdaşlıq imkanları barədə məlumat təqdim edib.
Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin növbəti görüşləri İstanbul və İzmirdə keçiriləcək.

