Altay diyarının Kalman rayon məhkəməsi, 11 qadının qətlində ittiham olunan Vitaliy Manişini 25 il müddətinə azadlıqdan məhrum edib.
DenMedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Manişin cəzasının ilk 7 ilini həbsxanada, qalan hissəsini isə sərt rejimli koloniyada çəkəcək.
Prokurorluq qeyd edib ki, cinayətlərin çoxunun üzərindən uzun müddət keçdiyi üçün ölüm hökmü və ya ömürlük həbs cəzası tətbiq edilə bilməyib.
“Barnaul manyakı” 2000-ci illərdə gənc abituriyentləri hədəfə alırdı
Manişin 2023-cü ilin mayında saxlanılıb. O, ilkin dindirmələrdə 5 qətl hadisəsini etiraf edib. Sonradan istintaq daha 6 qadının da onun tərəfindən qətlə yetirildiyini sübut edib.
Ən dəhşətli hadisələrdən biri 2000-ci ilin yayında baş verib — o dövrdə 3 ay ərzində 5 gənc abituriyent qız itkin düşmüşdü. Valideynlərin sözlərinə görə, qızlar onlara ali məktəbə qəbulda kömək vəd edən bir kişi ilə görüşməyə getmişdi.
Məlum olub ki, Manişin həmin vaxt Altay diyarının Kalman rayonu administrasiyasında vəzifəli şəxs — mənzil-kommunal təsərrüfatı və tikinti üzrə komitənin sədri olub. Daha sonra vəzifədən çıxarılaraq baytar həkimi kimi fəaliyyət göstərib.

