ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Union Township şəhərində “Chick-fil-A” restoranında baş verən atışma nəticəsində ən azı 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə ABC News məlumat yayıb.
Hadisə aprelin 11-i axşam saatlarında qeydə alınıb. Hüquq-mühafizə orqanları hadisə yerinə çatdıqda 7 nəfərin zərər çəkdiyini müəyyən edib. Yaralılardan birini xilas etmək mümkün olmayıb, digər şəxslərin vəziyyətinin ağır olmadığı bildirilir.
İlkin məlumata görə, hücum təsadüfi olmayıb. İstintaq ehtimal edir ki, atışma münaqişə və ya kriminal hesablaşma ilə bağlı olub və ölən şəxs hücumun əsas hədəfi olub.
Şahidlərin sözlərinə görə, maskalı silahlı şəxslər restorana daxil olaraq atəş açıb. Hadisə zamanı insanlar panika içində qaçıb, bəzi əməkdaşlar isə polis əməliyyatı müddətində müvəqqəti olaraq içəridə saxlanılıb.
Hazırda şübhəlilər saxlanılmayıb. Polis bildirir ki, ictimaiyyət üçün əlavə təhlükə yoxdur, araşdırma davam edir.

