Myanmada fırıldaqçılıq mərkəzindən azad edilən rusiyalı qadın bildirib ki, cinayətkarlar onun azadlığa buraxılmasından sonra da süni intellekt texnologiyaları vasitəsilə onun simasından istifadə etməyə davam edə bilərlər.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qadının sözlərinə görə, fırıldaqçılıq mərkəzində onu investisiya dələduzluqlarında iştirak etməyə məcbur ediblər. O, internetdə kişilərlə tanış olmalı, onlara sevgi və şəxsi görüş vəd etməli, daha sonra isə pullarını saxta platformalara köçürməyə inandırmalı idi.
Bu məqsədlə cinayətkarlar süni intellekt vasitəsilə yaradılmış və onun simasının əks olunduğu görüntülərdən istifadə ediblər.
“Bir fotoşəkil əsasında üzün rəqəmsal surətini yaratmaq və onu başqa insanın üzərinə yerləşdirmək mümkündür”, — deyə qadın bildirib.
O istisna etmir ki, ölkədən ayrıldıqdan sonra fırıldaqçılar başqa bir qurban tapıb və eyni sxem üzrə onun xarici görünüşündən istifadə etməyə davam edirlər.
Rusiyalı qadın Myanmadakı fırıldaqçılıq mərkəzinə mobil tətbiqdə tanış olduğu çinli kişi vasitəsilə düşüb. Onun sözlərinə görə, Çinə səfəri zamanı həmin şəxs Myanmaya getməyi təklif edib. Lakin orada qadını başqa şəxslər qarşılayıb və bildiriblər ki, tanış olduğu kişi onu satıb.
Mərkəzdə qadın zorla saxlanılıb və fırıldaqçılıq sxemlərində iştirak etməyə məcbur edilib.

