Bakının Xəzər rayonunda keçirilən əməliyyat zamanı çimərlik ərazisində torpağa basdırılmış avtomat silah və döyüş sursatı aşkar edilib.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində silah-sursat gizlədilən yer müəyyən olunub.
Ərazidəki köhnə tikilinin yaxınlığında torpağa basdırılmış 1 ədəd «AKM-74» markalı avtomat silah, ona məxsus 4 daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, silah-sursat hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbsindən əvvəl gizlədilib.
Faktla bağlı araşdırma davam etdirilir.

