Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Rusiya Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun vəsatətini təmin edərək Anar Eldar oğlu Abbasovun 7 oktyabr 2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq ölkəmizə ekstradisiyasına razılıq verib.
Belə ki, Ağstafa Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi çərçivəsində Anar Abbasovun öz qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Anar Abbasov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana gətirilib.

