Tacikistanın paytaxtı Düşənbədə doğum evindən yeni doğulmuş körpəni oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın saxlanılıb.
Bu barədə Asia-Plus portalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 11-dən 12-nə keçən gecə baş verib.
Şübhəli şəxs, 26 yaşlı Zarina S. altı ildir evli olduğunu, lakin sağlamlıq problemləri səbəbindən hamilə qala bilmədiyi üçün körpəni oğurlamağa qərar verdiyini bildirib.
“Qayınanam doğum evində işləyirdi. Axşam saat 22:30 radələrində doğum evinə gəldim və qayınanamın paltarını geyindim”, – deyə qadın ifadəsində bildirib.
Məlumata görə, qadın qayınanasının iş geyimindən istifadə edərək doğum evinə maneəsiz daxil olub. O, anaların yatdığı palataya keçərək yeni doğulmuş körpəni götürüb.
Daha sonra uşağı torbada gizlədərək binadan çıxıb və taksi ilə qayınanasının evinə gedib.
Hadisə ilə bağlı qadın barəsində adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb.
Zərərçəkmiş ailənin yaxınlarının sözlərinə görə, körpə xilas edilərək valideynlərinə qaytarılıb və hazırda səhhəti yaxşıdır.

