Xarab olub-olmadığını yoxlamaq üçün qidanı iyləmək çoxlarının xoşuna gəlmir. Ancaq texnologiya bu işi də insanın yerinə görməyə hazırlaşır.
ABŞ-ın Berkli Universitetinin alimləri qidanın xarab olub-olmadığını insan burnundan daha effektiv müəyyən edə bilən sistem hazırlayıblar. Bu barədə araşdırmanın nəticələri Science Advances nəşrində dərc olunub.
Yeni sistem “elektron burun” prinsipi ilə işləyir. Cihazda müxtəlif qaz komponentlərini tanımaq üçün nəzərdə tutulmuş 16 sensor var. Sensorun səthi ilə qaz molekulu arasında baş verən kimyəvi reaksiya rəqəmsal siqnala çevrilir və sistem həmin siqnallar əsasında qoxunu tanıyır.
Alimlərin sözlərinə görə, “elektron burun” artıq müxtəlif məhsullarla bağlı 7 qoxu profilini ayırd edə bilir. Bunlara çiyələk, qaragilə, banan, qoz, fındıq, keşyu və yerfındığı daxildir.
Cihaz yalnız qidanın xarab olub-olmadığını müəyyən etmir, həm də allergenləri aşkar edə bilir. Bundan başqa, sistem çiy toyuq, süd və yumurtanın qoxusunu da tanıyır — həm təzə halda, həm də otaq temperaturunda 24 və 48 saat saxlandıqdan sonra.
Araşdırmanın müəlliflərindən Karla Bassil bildirib ki, gələcəkdə tədqiqatların əhatəsi genişləndiriləcək və bu texnologiyanın gündəlik həyatda tətbiqi üzərində iş davam etdiriləcək.

