Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi və buraxılması qaydası müəyyənləşir.
Den.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Qüvvədə olan qanuna görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir.
Layihəyə əsasən, müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi təklif olunan 28-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.
Layihəyə əsasən, növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddənin (Qanunvericilik təşəbbüsü hüququ) II–V hissələri aşağıdakılardır:
- Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur;
- Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur;
- Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən (Qanunların və qərarların imzalanması), qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında çağıracaq.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin və ya Azərbaycan Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə biləcək.
Qüvvədə olan Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.