İyunun 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfər ediblər.
IDEA İctimai Birliyindən Den.az-a bildirilib ki, səfər çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan Xızı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı olub. Yenilənmiş məktəb binası lazımi tədris avadanlıqları ilə təchiz olunub, uşaqların intellektual inkişafına yönəlmiş təlim şəraiti yaradılıb.
Leyla Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə səmimi söhbət apararaq onların təhsil sahəsindəki nailiyyətləri ilə yaxından maraqlanıb.
Leyla Əliyevaya məktəbin fəaliyyəti və burada təşkil edilən şahmat dərsləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.
Bundan əlavə Xızı rayonunun Giləzi qəsəbəsində 100-ə yaxın uşağa idman geyim dəstləri və futbol topları təqdim olunub.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olub.
IDEA İctimai Birliyindən "Unikal"a bildirilib ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyeva və Arzu Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
"Gənc arıçı" layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.
Qeyd edək ki, layihə iştirakçısı Sevinc Dadaşovanın atası Adıgözəl Səfərov 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevlə görüşmüş, onun dəstəyi sayəsində Azərbaycan Fermer Təsərrüfatları İttifaqı tərəfindən ABŞ-nin Ayova ştatına kənd təsərrüfatı və fermerlik sahəsində təcrübə mübadiləsi proqramına göndərilmişdir.