Fövqəladə Hallar Nazirliyi ölkənin bir sıra bölgələrində gözlənilən güclü külək və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ayrı-ayrı rayonlarda arabir güclü külək əsəcək, intensiv yağıntılar, dağ çaylarında qısamüddətli sel axınları, həmçinin şimşək və göy gurultusu müşahidə olunacaq.
Bu proqnozlar nəzərə alınaraq, FHN bir daha təhlükəsizlik qaydalarına əməl olunmasını xatırladır.
Xüsusilə, güclü külək zamanı yüngül konstruksiyalardan və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq, həmçinin elektrik xətləri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, küləyin yanğınların söndürülməsini çətinləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir. Kiçik həcmli üzən vasitələrin sahiblərinə belə hava şəraitində dənizə çıxmamaq tövsiyə edilir.
Həmçinin mümkün sel və daşqın hadisələrindən qorunmaq məqsədilə təhlükəli zonalardan uzaq durmaq və təhlükə yarandıqda dərhal hündür ərazilərə qalxmaq tövsiyə olunur.
Şimşək zamanı vətəndaşlara elektrik cihazlarını söndürmək, telefonlardan istifadə etməmək, elektrik xətlərinə və hündür obyektlərə yaxınlaşmamaq, ağacların altında sığınmamaq tövsiyə edilir. Avtomobildə olduqda isə dayanmaq, pəncərələri bağlamaq və pis hava şəraitini gözləmək lazımdır.

