Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən avqustun 14-dək Azərbaycanın bəzi rayonlarında qeyri-sabit hava şəraiti və fasilələrlə yağış gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı bildirilir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.
Gözlənilən yağıntılarla əlaqədar sürücülərə sürəti azaltmaq, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək, eləcə də avtomobilin işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunur.
Piyadalara da ehtiyatlı olmaq çağırışı edilib. Qeyd olunur ki, yağış zamanı görünüş məsafəsi azalır, yol örtüyü sürüşkən olur və avtomobillərin tormoz yolu uzanır.
Bu səbəbdən piyadaların yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməsi, qəfil hərəkət hissəsinə çıxmaması və yol keçərkən mobil cihazlardan istifadə etməməsi tövsiyə edilir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitinin pisləşdiyi dövrdə yol hərəkəti qaydalarına ciddi əməl etməyə və daha diqqətli olmağa çağırıb.

