Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeronda havanın temperaturu gecə 22-25, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə şimal və qərb bölgələrindən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Rayonlarda temperatur gecə 19-24, gündüz 31-35 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

