Oktyabrın 22-də Azərbaycanda bəzi ərazilərdə yağış, güclü leysan, dolu və yüksək dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a məlumat verilib.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16–18, gündüz 20–24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət isə 65–75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 14–17, gündüz 20–25, dağlarda gecə 7–12, gündüz 12–17 dərəcə isti olacaq.

