Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva sentyabrın 4-də Ermənistanda keçirilən mətbuat konfransında səsləndirilən bəyanatları əsassız adlandırıb. Söhbət Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirli bilinən erməniəsilli şəxslər barəsində çıxarılan hökmlərlə bağlı iddialardan gedir.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Mətbuat konfransında iddia olunub ki, Azərbaycanda məhkum edilmiş erməniəsilli şəxslər guya dini zəmində ayrı-seçkiliyə və işgəncələrə məruz qalırlar, xristian dini simvolları məhv edilir, Bibliyadan istifadə qadağan olunur və məhbuslar Quran oxumağa məcbur edilirlər.
Ombudsman bu bəyanatları davam edən sülh danışıqlarını pozmağa yönəlmiş cəhd kimi qiymətləndirib.
Səbinə Əliyevanın sözlərinə görə, bu qədər ciddi ittihamların hər hansı etibarlı sübut olmadan irəli sürülməsi insan hüquqlarının müdafiəsi prinsiplərinə ziddir.
“Xüsusilə ayrı-ayrı şəxslərlə bağlı məsələləri dini mənsubiyyətlə əlaqələndirmək və onları xristian-müsəlman qarşıdurması müstəvisinə keçirmək cəhdləri tamamilə yolverilməzdir”, – deyə Ombudsman bildirib.
Denmedia.az

