Azərbaycanda icbari tibbi sığorta çərçivəsində uşaqların dispanserizasiyası, profilaktik müayinələri və Milli Peyvənd Təqviminə uyğun peyvəndlənməsi həyata keçirilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ehtiyac yarandıqda uşaq əlavə müayinə və müalicə üçün müvafiq ixtisas həkiminə yönləndirilir.
Valideynlərə həmçinin uşaq və yeniyetmələrin sağlam qidalanması, yenidoğulmuşlara qulluq və ana südü ilə qidalanma barədə məsləhətlər verilir. Sağlam həyat tərzinin formalaşdırılması istiqamətində sanitar-maarifləndirmə işi də aparılır.
İlkin tibbi yardım çərçivəsində uşaqların ağız boşluğu müayinə edilir, gigiyena qaydaları öyrədilir, zəruri hallarda isə laborator müayinələrə yönləndirilirlər.
Nazirlik vurğulayıb ki, profilaktik müayinələrin vaxtında aparılması və sağlam vərdişlərin erkən yaşlardan formalaşdırılması uşaqların sağlamlığının qorunmasında mühüm rol oynayır.

