Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi virusuna yoluxma şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mümkün yoluxma faktı ilə əlaqədar təcili sanitar-epidemioloji araşdırmaya başlanılıb.
“Beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarəti altındadır. Dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib”, – deyə qurumun açıqlamasında qeyd olunub.
Hazırda xəstəxanaya yerləşdirilən şəxslərlə təmasda olanların müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Şəhərdə kompleks epidemiya əleyhinə tədbirlər görülür.
Qurumdan əlavə edilib ki, meymunçiçəyi virusunun qısa müddətdə aşkarlanmasına imkan verən müasir diaqnostik test sistemləri mövcuddur.

