İtaliya prezidenti Sergio Mattarella 2026-cı il 6–22 fevral tarixlərində Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunları dövründə atəşkəsə əməl olunmasına çağırıb. Bu barədə ANSA nəşri məlumat yayıb.
“Biz israrla və qətiyyətlə hər yerdə olimpiya atəşkəsinə riayət olunmasını tələb edirik. İdmanın silahsız gücü qoy silahları susdursun”, — deyə dövlət başçısı bildirib.
Mattarella vurğulayıb ki, Olimpiya Oyunları zorakılığa və silahlı münaqişələrə qarşı çıxan qlobal bir tədbirdir.
Xatırladaq ki, ötən ilin 19 noyabrında BMT Baş Assambleyası “olimpiya atəşkəsi”nə çağıran qətnamə qəbul edib. Sənədə əsasən, atəşkəs XXV Qış Olimpiya Oyunlarının açılışından 7 gün əvvəl başlayır və XIV Paralimpiya Qış Oyunlarının bağlanmasından 7 gün sonra başa çatır.
Məsələyə münasibət bildirən Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova qeyd edib ki, bu qətnamə faktiki olaraq heç bir hüquqi nəticə doğurmur. Onun sözlərinə görə, atəşkəsə əməl etməyən ölkələr nə cərimə olunur, nə də diskvalifikasiya edilir.

