Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub və Azərbaycan milli azadlıq hərəkatının əsas liderlərindən biri kimi tarixə düşüb. O, siyasi fəaliyyəti ilə Azərbaycanın müstəqillik ideyasının formalaşmasında mühüm rol oynayıb.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji liderlərindən olan Rəsulzadə Milli Şuranın sədri seçilib və müstəqilliyin elan olunmasında əsas fiqurlardan biri olub. Ona məxsus “Bir kərə yüksələn bayraq bir daha enməz” ifadəsi Azərbaycan dövlətçilik tarixində ən məşhur şüarlardan biri hesab olunur.
1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Rəsulzadə mühacirət həyatı yaşayıb. O, müxtəlif ölkələrdə yaşayaraq Azərbaycan istiqlalı uğrunda siyasi və publisistik fəaliyyətini davam etdirib.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib və orada dəfn olunub.

