Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri reallığı təhrif edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O vurğulayıb ki, Qarabağ beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Bu baxımdan, KTMT mexanizmlərinin tətbiqini Ermənistanın Qarabağı öz ərazisi kimi tanıyıb-tanımaması ilə əlaqələndirmək əsassızdır və Rusiyanın Qarabağın ərazi mənsubiyyəti ilə bağlı rəsmi mövqeyinə ziddir.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib, bununla da keçmiş münaqişəyə birdəfəlik son qoyub.
Ayxan Hacızadə həmçinin Rusiya-Ermənistan münasibətlərinə dair məsələlərin Azərbaycanla əlaqələndirilməsi praktikasına son qoymağa çağırıb.
Daha əvvəl Mariya Zaxarova bildirmişdi ki, Ermənistan KTMT mexanizmlərinin işə salınması üçün müraciət etsə də, İrəvan Qarabağı nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanıdığı üçün bunu etmək mümkün olmayıb.

