Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı etimadın qorunması iki ölkənin həmrəyliyi və türk dünyasının ortaq gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Denmedia.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.
Onun sözlərinə görə, türk dövlətləri arasındakı münasibətlərin dərin tarixi kökləri var və bu əlaqələr kənardan irəli sürülən siyasi layihələrə, geosiyasi hesablamalara və parçalanma planlarına sığmır.
Baxçalı vurğulayıb ki, türk dünyasının gələcəyi müstəqil dövlətlərin suverenliyi, qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsiplərinə əsaslanır.
O, gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitini ortaq gələcəyə doğru mühüm addım kimi qiymətləndirib. Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevi sammitə dəvət etməsinə xüsusi əhəmiyyət verib.
MHP sədri bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri gündəlik siyasi proseslərdən və müvəqqəti fikir ayrılıqlarından daha güclüdür. Bu əlaqələr ortaq tarixə, dilə, mədəniyyətə və xalqların mənəvi birliyinə söykənir.
Baxçalı iki ölkə arasında fərqli yanaşmaların və həllini gözləyən məsələlərin ola biləcəyini də qeyd edib. Onun sözlərinə görə, belə problemlər qardaşlıq münasibətləri qorunmaqla qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll edilməlidir.
“Türk dünyasının gücü etimad və həmrəylikdədir”, – deyə Baxçalı vurğulayıb.
O əlavə edib ki, türk dövlətlərinin birliyindən narahat olan qüvvələrin planları qardaş ölkələrin ortaq iradəsi qarşısında nəticəsiz qalacaq.

