Məşhur türkiyəli aktyor Burak Özçivit bacısı Burçun Özçivitin Samsunun Bafra rayonunda keçirilən toy mərasimində həyat yoldaşı Fahriye Evcenlə birlikdə iştirak etməməsi ilə bağlı yayılan iddia və tənqidlərə sərt reaksiya verib.
Burçun Özçivit iş adamı Hasan Sağdıçla ailə həyatı qurub. Toy mərasimində Burak Özçivit və Fahriye Evcenin görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məlumata görə, Burak Özçivit yeni serial layihəsinin Adanada davam edən sıx çəkiliş qrafiki səbəbindən mərasimə qatıla bilməyib. Aktyorun bacısına telefonla zəng edərək onu təbrik etdiyi bildirilib.
Yayılan mənfi şərhlər və iddialardan sonra Burak Özçivit sosial şəbəkə hesabında açıqlama yayıb:
“Dostlar, niyə bu qədər pis oldunuz? Biz bütün ailə xoşbəxt olduğumuz halda, yeni evlənən bir cütlüyü niyə bu qədər bədbəxt edirsiniz? Onlar bizim ailəmiz, canımızdır. Kimə, niyə bu qədər hücum edirsiniz? Uydurduğunuz hekayələri, mənasız şərhlərinizi gedin öz həyatınıza tətbiq edin. Bizi və bütün ailəmizi rahat buraxın”.


