23 
avq
2023
13:00
270

Həkim səhvinin qurbanı oldu, ölüm yatağında dostlarını görmək istəmədi – 80 yaşlı Şahmar Ələkbərov

23 avq, 2023
13:00
270

Həkim səhvinin qurbanı oldu, ölüm yatağında dostlarını görmək istəmədi – 80 yaşlı Şahmar Ələkbərov

Bu gün Xalq artisti, Azərbaycan kinosunun “Qəzənfər”i,  “Qatır Məmməd”i, “İman”ı Şahmar Ələkbərovun doğum günüdür.
 
Sfera.az onun haqqında maraqlı məlumatları təqdim edir.
 
Oğlunu səhnədə görmək istəmirdi, amma...
 

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. 9 yaşı olanda o, ailəsi ilə birgə Gəncədən Bakıya köçür. Orta məktəbi 15 yaşında bitirir. Şahmar evdə sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verəcəyini desə də, belə etmir və anası İzulət xanım buna bərk əsəbləşir. Çünki İzulət Ələkbərova Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi. Şahmar Ələkbərovun həyat yoldaşı teatrşünas Kamilə Ələkbərova idi. Onlar teatrda tanış olublar. Kəmalə xanım Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Şahmar Kəmalə xanıma elçi göndərəndə valideynləri qızlarının aktyorla ailə qurmasına razı olmurlar. Dörd ildən sonra o, yenidən elçi göndərir. Əslən şuşalı olan Kəmalə xanımın nənəsi isə Şahmarın əslən qarabağlı olduğunu biləndə, nəvəsinin “hə”-sini verir. Bu evlilikdən onların əkiz qız övladları doğulur: İzulət və Ləman. Son məlumatlara görə, evli olan əkiz qızları İzulət və Ləman Ələkbərovalar çoxdandır xaricdə yaşayırlar.
 
Adil İsgəndərovla maraqlı dialoq...
 

Şahmar Ələkbərov cəmi 48 il ömür yaşadı. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlərlə əbədi olaraq yaddaşlara köçdü. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı "kino aktyorluğu" studiyasına dəvət edib. Onun yaradıcılığında elə filmlər var ki, həmin filmlər ən qiymətli sənət nümunələri sırasındadır. Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək") və s. filmlərdə yaratdığı obrazlarla özünə geniş tamaşaçı auditoriyası yarada bilib.
O, rejissor kimi də sözünü demək istəyirdi. Bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari aparıb və  "Adil müəllim, film çəkmək istəyirəm”, deyib. Adil İsgəndərov isə  "Sənin nə gözəl kostyumun var", deyə qarşılıq verib.  Yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, "Gözəl materialı var, birini də mənə tikdirək". Bu o deməkdir ki, artıq Şahmar Ələkbərov rejissor kimi fəaliyyət kimi göstərə bilərdi.
 
Qadağa qoyulan filmi...

1989-cu ildə Elçinin "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə" filmini çəkir. Qısa müddətə çəkilən film hazır olanda çox ciddi səs-küy yaradır. Səbəb müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirlər. Bu film ekrana çıxdığı gündən böyük mübahisələr doğurur. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər Şahmar Ələkbərovun ekran işini “daş-qalaq edirlər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan biryolluq itir...
 
Ölüm ayağında dostlarını belə görmək istəmədi...
 

Təəssüf ki, aktyor yaradıcılığının ən məhsuldar vaxtında xəstələnir. Bu əzab-əziyyət düz yeddi il davam edir. Hər şey "Firəngiz" filminin çəkilişlərindən başlayır. Belə ki, aktyor filmin çəkilişindən əvvəl stomatoloqa gedir, burada onun dili zədələnir. Filmin çəkilişlərində soyuqladığı üçün dilindəki əzik xoraya çevrilir. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözür. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq verməyib. 1992-ci ilin qışında onu Hamburqa aparırlar. Orada ona heç nə deyilməsə də, ailəsinə bu xəstəlik qarşısında tibbin gücsüz olduğu bildirilir. Bakıya qayıdanda Şahmar Ələkbərov xəstəxanaya yerləşdirilir. Həyat yoldaşı Kamilla Ələkbərova və qızları İzulətlə Ləman onunla xəstəxanada qalır. Uzun sürən əzab-əziyyətdən sonra kino xadimi, xalq artisti Şahmar Ələkbərov 12 avqust 1992-ci il, 48 yaşında dil xərçəngindən vəfat edir. Yaşasaydı, 80 illik yubileyini qeyd edəcəkdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar