iyn
2023
19:51
815

Məhbubə Məmmədova: O, illərin xatirəsində yaşayır…

6 iyn, 2023
19:51
815

Məhbubə Məmmədova: O, illərin xatirəsində yaşayır… - FOTO

Tarixən hər bir xalqın inkişafında müstəsna xidmətlərə malik şəxsiyyətlər olub. Azərbaycan xalqı da bu baxımdan tarixi şəxsiyyətləri ilə qürur duya bilər. Ulu Öndər Heydər Əliyev xalqımızın XX yüzillikdə yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. Xalq yolunda göstərdiyi misilsiz tarixi xidmətlər Heydər Əliyevi Ümummilli Lider zirvəsinə yüksəltmişdir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqı tərəqqi və inkişaf dövrünə qədəm basdı. Ümummilli Lider Heydər Əliyevin keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün yöndə öyrənilməsi, ana dilimizin rolunun gücləndirilməsi, xalqın müstəqillik arzusunun təcəssümü kimi meydana çıxan ədəbi-bədii nümunələrin kənar təzyiqlərdən qorunması istiqamətində apardığı məqsədyönlü işlər cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün vacib sayılan sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırmaq yönündə inamla çalışıaraq xalqımıza milli dövlətçilik fikrini aşılamış oldu. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və elə sonralar da minlərlə azərbaycanlı gənc Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər. Ulu Öndər Heydər Əliyevin hələ sovetlər birliyi zamanında Azərbaycana rəhbərliyi dövründə onun sarsılmaz siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir və bunlar 80-ci illərin axırlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin önəmli səhifələrini təşkil edir.
Azərbaycan təhsilinin hal-hazırkı dönəmdə uğurlarının əsasında da Ümummilli Lider Heydər Əliyevin böyük zəhməti və təşəbbüskarlığı dayanır. Belə ki, hələ sovetlər birliyi zamanında Azərbaycandan kənarda ali təhsil almağa göndərilən gənclərin kütləviliyinin artması bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Bununla belə, reallıq ondan ibarət idi ki, həmin dövrdə təhsilin o pilləsinin maddi-texniki bazası və kadr təminatı olduqca zəif nəzərə çarpırdı. Məsələn, 1965-ci ildə respublikada ümumtəhsil məktəblərində çalışan müəllimlərin yalnız 45 faizi ali təhsilli idi. Şəhər və regionlarda məktəb tikintisi ləng aparılırdı. O cür şəraitdə respublikaya rəhbərliyə gələn Heydər Əliyev respublikada sosial-iqtisadi və mədəni yüksəlişə aparan yolun təhsildən başladığını hiss edərək diqqəti əsasən bu sahəyə yönləndirdi. Onun təşəbbüskarlığı və bilavasitə rəhbərliyi ilə ardıcıl şəkildə “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973) qərarlar qəbul olundu.
1979-cu ildə orta ümumtəhsil məktəblərinin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən də çox artaraq 765-dən 2117-yə yüksəlmiş, həmin dönəmdə, həmçinin 1145 ibtidai məktəb orta məktəbə çevrilmişdi. O illərdə kənd məktəblərinin tikintisi işi xeyli dərəcədə yüksəlmiş, internat məktəbləri şəbəkəsi genişləndirilib 1979-cu ildə sayı 22-yə çatdırılmışdır. Şagirdlərin ümumi orta təhsili vaxtında başa vurma göstəriciləri 1969-cu ildəki 73,3 faizdən 1979-cu ildə 89,6 faizə çatdırılmışdır. Heydər Əliyevin gərgin əməyi və birbaşa qayğısı nəticəsində 1970-ci və 1980-ci ilin başlanğıcında ümumtəhsil məktəblərinin tədris-maddi bazası və kadr təminatı möhkəmləndirilərək, onun imzaladığı “Ümumtəhsil məktəblərinin şagirdlərinin dərsliklərindən pulsuz istifadə etməsinə keçmək haqqında” qərarı 1978-ci ildən başlayaraq tədricən həyata keçirilmişdir.
1970-ci ildə Azərbaycanın ümumtəhsil məktəblərində şagirdlərin 40,2 faizi ikinci növbədə oxuyurdu. O dövrdə həmin göstərici keçmiş SSRİ üzrə 28,7 faiz, Rusiya üzrə 28,3 faiz, Gürcüstan üzrə 22,1, Baltikyanı ölkələr üzrə isə 17,6 faiz təşkil edirdi.
1970-1980-ci illərdə Azərbaycanda geniş miqyaslı məktəb tikintisi işləri aparılmağa başladı. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdisə, 1975-ci ildə 2 dəfəyə yaxın, yəni 48200 nəfərlik 100 məktəb binası tikilərək istifadəyə verildi. Nəticədə şagirdlərin ikinci növbədə oxuma göstəricisiləri 1978-ci ildə 30,8 faiz, 1980-ci ildə 28,1 faiz, nəhayət, 1985-ci ildə isə 24,9 faizə çatdırıldı ki, beləliklə də şagirdlərin 75,1 faizinin birinci növbədə təhsil almaq imkanı əldə olundu. Bütün bunlar sözü gedən dövrdə məktəb tikintisinin ölkədə geniş şəkildə vüsət almasından xəbər verir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan müəllimlərinin XI qurultayında çıxış edərkən belə söyləmişdi:
“1979, 1980, 1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün şəraiti olan məktəb binaları tikilirdi. Bu, bir ildə təxminən 50-60 məktəb binasının tikilməsi deməkdir. Bu, o vaxt olmuşdu ki, o dövrdə məktəblərin sayı həddindən çox artmışdı”.
O illərdə Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Bununla da ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ilin əvvəllərində 710 min nəfərədək artmışdı. Məktəbəqədər tərbiyə müəssisələrinin sayı isə 1969-1982-ci illərdə 1600-dən 1875-ə, orada təlim-tərbiyə alanların sayı isə müvafiq şəkildə 110 mindən 147 min nəfərə yüksəlmişdi.
Məktəblərin texniki və elmi-metodiki vasitələrlə təminatı işi də həmin dönəmdə məxsusi diqqətdə saxlanılırdı. Belə ki, 1978-ci ildə fizika və kimya kabinələri ilə təminat 92,2 faizə qaldırılmışdı. Təhsil müəssisələrinin kadrlarla təminatı istiqamətində uğurlar qazanılaraq, 1978-ci ildə orta məktəblərdə fəaliyyət göstərən 108 min müəllimdən 1970-ci ildəki 51,7 faiz müqabilində 65,3 faizinin ali təhsili olmuş, V-X siniflərdə işləyən müəllimlərin isə 83,7 faizini ali təhsillilər təşkil etmişdir. 1982-ci ildə Azərbaycanda 4267 ümumtəhsil məktəbi vardı. Azərbaycan təhsilinin vacib hissəsi olan texniki-peşə məktəblərinin inkişafının tərəqqi dövrü də Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Qeyd edək ki, həmin ildə o cür məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə, təhsil alanların sayı isə 2,5 dəfə artmışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ilin axırlarında qəbul edilmiş “Texniki-peşə təhsili sistemi məktəblərində ixtisaslı fəhlə kadrlarının hazırlanmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar peşə təhsilinin ahəngdar inkişafına zəmin oldu.
Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk illərində 16 yeni texniki-peşə məktəbi yaradılıb, 20 texniki-peşə məktəbi orta texniki məktəbinə çevrilmiş, 3120 şagird yeri olan tədris və 2520 çarpayısı olan yataqxana binaları tikilərək, 244 tədris emalatxanası, kabinet və laboratoriya yaradılmışdı. Heydər Əliyevin göstərişi əsasında məhz 1971-1975-ci illər üçün Azərbaycanda texniki-peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı yollarına dair strategiya müəyyənləşdirilmişdir. Həmin illərdə 35 şəhər və rayonda 54 yeni texniki-peşə məktəbi yaradılıb istifadəyə verilmişdi. Bir sözlə, o dövrdə həmin məktəblərdə 65120 nəfər ixtisaslı fəhlə kadrı hazırlanmışdır. Bütün bunlar öncəki dövrlə müqayisədə 1,7 dəfə çox idi. 1975-ci ildə isə Heydər Əliyevin təşəbbüsü ilə “Orta kənd texniki-peşə məktəblərinin şəbəkəsini genişləndirmək və onların işini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilmişdi. Beləliklə ötən 4 ildə kənd texniki-peşə məktəblərinin şəbəkəsi 3 dəfə artaraq sayı 44-ə çatdırılmışdı.
1970-1980-ci illərdə Azərbaycanda texniki-peşə təhsili şəbəkəsinin inkişaf dinamikasına nəzər salarkən bəlli olur ki, 1970-ci ildə 76 texniki-peşə məktəbi fəaliyyət göstərib orada 40,9 min şagird təhsil alırdısa, bu rəqəm 1980-ci ildə 173 məktəbə və 99,8 min şagirdə, 1982-ci ildə isə 184 məktəbə və 109 min şagirdə qədər yüksəldilmişdi. Buradan belə bir nəticə hasil olur ki, məktəblərin sayı bu illərdə 2,5, təhsil alanların sayı isə 2,5 dəfədən çox olmuşdur.
1970-1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanların sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdir. O illərdə fəaliyyət göstərən 78 orta ixtisas məktəbində hər il 80 minə yaxın şagird təhsil almışdır. Ali və orta ixtisas məktəblərinə qəbul olan tələbələrin da sayı sözü gedən müddətdə sürətlə artmışdı.
Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, laboratoriyalar açılmışdır. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu uğurlar Heydər Əliyevin ali təhsilin inkişafına ölkəmizin kadr potensialının gücləndirilməsinə göstərdiyi yüksək qayğının nəticəsində reallaşmışdır.
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına istiqamətlənmiş xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və bilavasitə qayğısı nəticəsində respublikadan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox tanınmış ali məktəbində Azərbaycanın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və zəruriyyət duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq gəncin təhsil almasına, ixtisaslı mütəxəssislər kimi hazırlanmasına şəraiti yaratmasıdır.
“Təhsil millətin gələcəyidir” ‒ söyləyən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dönəmində (1993-2003) haqqında bəhs edilən sahənin inkişafına məxsusi diqqət ayırmışdı. Onu da nəzərə alaq ki, hələ keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin başlanğıcından etibarən Ermənistanın məkrli siyasəti nəticəsində çoxsayda soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işğal edilməsi nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması Azərbaycan təhsili üçün hədsiz çətinliklər doğurmuşdu. Azərbaycanın olduqca ağır dönəmində ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev xeyli sayda problemləri həll etməklə bərabər, təhsil sektorunda da zamanın tələblərindən irəli gələn islahatlara başladı. 1991-1993-cü illərdə təhsil müəssisələri normal vəziyyətə gətirildi, planlı islahatlara start verildi. Ümumtəhsil məktəblərinin və şagirdlərin sayı əsaslı şəkildə artdı. Belə ki, əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alırsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə öz təhsilinə davam etmişdir.
Bununla yanaşı, istedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə ölkədə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək burada 12 minə yaxın şagird tədrisə cəlb olundu. “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, ‒ söyləyən Ümummilli Lider Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun formada təhsil strategiyasının reallaşdırılması istiqamətində mühüm işlər həyata keçirdi. 1998-ci il martın 30-da Azərbaycan Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və o, 1999-cu il iyun ayının 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə yanaşı, onun strukturunda, idarə olunmasında, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması diqqətdə saxlanılmışdı.
Kadr hazırlığı istiqamətindəki fəaliyyətində Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına da xüsusi yanaşmışdı. Ana dili hər bir xalqın varlığını təsdiq edən önəmli amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının göstəricisidir. Dil millətin formalaşmasında ən vacib amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə, onun dilində öz əksini tapır.
Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca, xalqımız var olduqca bu sərvətin qayğısını çəkməli, dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin mövcud inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu sübuta yetirir. Digər tərəfdən, Azərbaycan dilinin yaxın keçmişimizdə ciddi sınaqlarla üz-üzə qaldığını da unuda bilmərik.
Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin mövcud olduğu qısa müddətlik dönəmdə dilimizin inkişafına xüsusi önəm verildi. Sonralar Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu zamanda isə dilimizə qarşı hücumların yeni dalğası özünü büruzə verdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar yer ayrılırdı. Eyni vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir mühit formalaşdırılmışdı ki, bəzi hallarda sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət sayılırdı.
Bununla belə, doğma dilini sevən, ona hər zaman hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, rəsmi və qeyri-rəsmi tədbirlərdə, görüşlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi yüksək dəyəri nümayiş etdirdi.
Ulu Öndər 1978-ci ildə olduqca tarixi bir uğura da nail oldu. O zaman qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk andan ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə ciddi şəkildə məşğul oldu. Azərbaycanda təhsilin ana dilində aparılmasına xüsusi diqqət ayırdı.
Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün də dövlət rəhbərliyi var-gücü ilə çalışıb, Azərbaycanın görkəmli qələm adamları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar Birliyinin aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat qəzeti” Azərbaycan dilində nəşr edilmişdir.
Azərbaycan dilinin tarixi xüsusi tədqiqatların mövzusu olmuş, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yazılmış, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu və uğurla həyata keçirdiyi dil və təhsil siyasəti paralel olaraq onun dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi idi. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafına bilavasitə şəraitin yaradılması, Azərbaycan ədəbiyyatının klassiklərinin təbliği məhz bunun nəticəsi sayıla bilər.
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi.
1995-ci ildə qəbul edilən Konstitusiyada da Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilmişdir. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən genişmiqyaslı ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun güclənməsinə əhəmiyyətli təsir göstərdi. Azərbaycan dili adı artıq neçə on illərdir ki, uğurla işlənir və kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.
2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman isə xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi sənəd idi. Ulu Öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Bununla yanaşı, latın qrafikasına keçid prosesi uğurla başa çatdırıldı.
30 sentyabr 2002-ci ildə isə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənədə əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin formalaşdırır. Bu qanun, ölkə Konstitusiyasına uyğun şəkildə Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlamağa xidmət edir.
Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1 avqust hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu, Azərbaycan dili tarixində əlamətdar hadisədir.
Ümummilli Lider çeşidli ölkələrdəki diaspor nümayəndələri ilə görüşlərində də dəfələrlə vurğulamışdır ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, - fikri də Ulu Öndərə məxsusdur.
Fərəh doğuran haldır ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi bu istiqamətdəki mühüm addımlardandır. Ümumən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasəti ümumxalq dilinin tərəqqisi üçün mühüm zəmin yaratmış oldu.
Təqdirəlayiq hal bir də odur ki, Ümummilli Liderin ideyalarını layiqincə reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə xüsusi həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatına dair sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi də məhz dövlət başçısının təşəbbüsü və birbaşa qayğısı ilə həyata keçirildi. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı, həm də, əlifba ilə bağlı problemləri həlli yolunda önəmli addım oldu. Dövlət başçısının sonrakı sərəncamları ilə isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam oldu. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın əsas rolunu diqqətə çəkərək onu da vurğulamışdır ki: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Azərbaycan Prezidenti, həmçinin, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam da imzalamışdır. Sərəncamda o da qeyd edilmişdir ki: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Bir sözlə, minilliklər ərzində formalaşan və bu günümüzə qədər gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin, varlığının simvolu, qürur mənbəyimizdir. Bu gün müstəqil dövlətimizin mövcudiyyəti, dilimizin qorunması, dünya dilləri içərisində özünə layiqli yer tutması baxımından da vacib tarixi imkan sayılır. Ən önəmlisi isə budur ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dil siyasəti bu sahədə əldə olunmuş çoxsaylı uğurların əsasında dayanır.



Məhbubə Məmmədova

Azərbaycan Respublikasının Əməkdar müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar