27 
iyl
2023
18:26
124

Xocalının şahidi olan litvalı jurnalist erməni vəhşiliyindən danışdı: "Özümü günahkar bilirəm"

27 iyl, 2023
18:26
124

Xocalının şahidi olan litvalı jurnalist erməni vəhşiliyindən danışdı: "Özümü günahkar bilirəm"

1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Xocalıda qadın, uşaq və qoca demədən törətdiyi qətliamın şahidlərindən olan litvalı jurnalist Rikardas Lapaitis Anadolu Agentliyinə danışıb.

Den.az
Qaynarinfo-ya istinadən xəbər verir ki, Xocalı soyqırımı zamanı bölgədə olan və baş verənləri dünyaya çatdıran azsaylı jurnalistlərdən biri olan Lapaitis Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün gəldiyi Azərbaycanda 31 il əvvəl gördüklərini və yaşadıqlarını danışıb. 



Jurnalist Azərbaycanla Ermənistan arasında sülhün Ermənistan Xocalıya görə məsuliyyəti öz üzərinə götürdükdə əldə olunacağını bildirib:

"Dünya mətbuatının Xocalı haqqında yazması bəs etmir, mətbuat bu mövzuda qışqırmalıdır. Çünki indiyədək cinayətkarlar, o cümlədən Serj Sarkisyan cəzalandırılmayıb".

Lapaitis Xocalı soyqırımı zamanı bölgədə demək olar ki, heç bir jurnalistin olmadığını, qətliamdan dərhal sonra Ağdama gəldiyini deyib.
Ağdamda qətliamda həyatını itirənlərin cəsədlərinin gətirildiyi Ağdamda qarşılaşdığı səhnəyə hazır olmadığını bildirən jurnalist "Müasir dövrdə əsl faşizmi görməyə hazır deyildim. Düşünürdüm ki, insanlar müharibədə güllələrdən və qəlpələrdən ölürlər. Amma heç vaxt düşünməmişdim ki, bu qədər mülki insan həlak olacaq", deyib.


Ağdamda gördüklərindən sarsıldığını vurğulayan Lapaitis əlavə edib: "Öldürülənlər arasında çoxlu uşaqlar da var idi. Bir çox ailələr tamamilə məhv edilmişdi. Bəzi xocalıların dərisi sağ ikən soyulub. 30 il keçib və hələ də çox insan bunu bilmir".

Xocalıda baş verənləri soyqırım və insanlığa qarşı cinayət kimi səciyyələndirən Lapaitis "Bu cinayətdə Ermənistanın keçmiş rəhbərliyinin, keçmiş prezident Serj Sarkisyanın da əli var. Amma o vaxt mətbuat bu faktı yazmırdı", deyib.

Xocalı soyqırımının acısının azərbaycanlıların qəlbində hələ də təzə olduğunu bildirən Lapaitis deyib:

"Azərbaycanla Ermənistan arasında sülh o zaman əldə olunacaq ki, Ermənistan öz günahını etiraf edib soyqırımına görə məsuliyyəti üzərinə götürəcək. I Qarabağ müharibəsində ermənilər təkcə Xocalıda deyil, işğal etdikləri bütün rayonlarda etnik təmizləmə aparıblar. Onlar hər yerdə dinc əhalini qətlə yetiriblər. Bu gün belə təxminən 4000 azərbaycanlı itkindir. Xocalı kiçik şəhərdir. Bir gecədə yüzlərlə insan qətlə yetirilib. Dünya mətbuatının Xocalı haqqında yazması kifayət deyil, mətbuat bu haqda qışqırmalıdır. Çünki bu günə kimi cinayətkarlar, o cümlədən Sarkisyan cəzalandırılmayıb”.

Lapaitisin sözlərinə görə, qətliamdan sonra Ağdam məscidində dəfn mərasimində ağlayan qadınlar az qala yalvarıblar ki, baş verənləri dünyaya çatdırsınlar: "Jurnalistlərin həqiqəti yayması üçün kiminsə onlara yalvarması lazım deyil. Bu bizim işimizdir. Özümü xocalıların, azərbaycanlıların qarşısında günahkar hiss edirəm. Düzdür, çox şey etmişəm, amma bu kifayət deyil. Öldürülən uşaqları və hamilə qadınları xilas edə bilmədim. Əsl cəhənnəmi yaşayan əsir azərbaycanlıları xilas edə bilmədiyim üçün özümü günahkar bilirəm".

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində tərədilən soyqırımda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar