Ötən gün xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində ailə münaqişəsi zəminində baş verən hadisə ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Qurd dərəsi yaşayış massivində qeydə alınan olayda 42 yaşlı Anatoli Serebyakov keçmiş həyat yoldaşı tərəfindən həm maddi, həm də fiziki zorakılığa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
İddialara görə, Serebyakov illər əvvəl Aytən Mehbalıyeva adlı qadınla ailə həyatı qurub. Cütlük uzun müddət qızıl alveri ilə məşğul olub. Lakin sonradan həyat yoldaşının əmlak və pul vəsaitlərini gizli şəkildə qardaşının adına keçirdiyini öyrənən kişi bu hadisədən sonra həyatının alt-üst olduğunu deyib.
Zərərçəkmişin sözlərinə görə, hadisədən bir müddət sonra Aytən Mehbalıyeva boşanma ərizəsi təqdim edib və bundan sonra əlaqələr tam kəsilib. O, məsələyə aydınlıq gətirmək istəsə də, keçmiş həyat yoldaşı evdən çıxaraq izini itirib.
Serebyakovun iddiasına əsasən, boşanma prosesindən qısa müddət sonra Aytən Mehbalıyeva üç nəfərlə birgə onun yaşadığı evə gələrək onu amansızcasına döydürüb. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri alıb və bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş həyat yoldaşı və həmin şəxslərdən şikayətçi olub.
Lakin ittihamlara cavab verən Aytən Mehbalıyeva DenazTV-ə müsahibəsində ,bu iddiaları tamamilə rədd edib. O, özünü haqsız yerə günahlandırıldığını bildirərək keçmiş ərinin ona şər atdığını deyib.
Üç uşaq anası olan Mehbalıyeva bildirib ki, Anatoli ilə aralarındakı gərginliyin səbəbi ödənilməmiş aliment borcudur.
> “Mən heç kimə ərimi döydürməmişəm. Sadəcə, aylardır aliment ödəmədiyinə görə məhkəməyə müraciət etmişdim. İndi isə məni ictimaiyyət qarşısında ləkələmək istəyir,” – deyə Aytən Mehbalıyeva bildirib.
Hazırda hadisə ilə bağlı toplanmış materiallar tam araşdırılıb və məhkəməyə göndərilib.
Hüquq-mühafizə orqanları məsələni “ailədaxili zorakılıq və fiziki təzyiq” istiqamətində araşdırır.
Qeyd edək ki, bu hadisə bir daha ailə münasibətlərində zorakılığın və qarşılıqlı ittihamların cəmiyyət üçün yaratdığı sosial təhlükəni gündəmə gətirib.

