OpenAI şirkətinin GPT-6 Astra süni intellekt modeli Fransa imperatoru Napoleon Bonapartın 1809-cu ilə aid şifrələnmiş hərbi məktubunu 217 ildən sonra deşifrə etməyə kömək edib.
Bu barədə The Telegraph nəşri məlumat yayıb.
Bildirilib ki, 1809-cu ildən bəri məzmunu tam oxuna bilməyən məktub Napoleonun göstərişi ilə general Ogüst de Marmona göndərilib.
Məktubda Fransa və Avstriya imperiyaları arasında müharibə ərəfəsində fransız və müttəfiq qoşunların yerləşdiyi ərazilər, hərbi qüvvələrin sayı və hərəkət istiqamətləri barədə məlumatlar yer alıb.
Tarixi sənəd Napoleonun tapşırığı əsasında onun ögey oğlu, İtaliya vitse-kralı Ejen Boqarne tərəfindən generala göndərilib.
Məktub təxminən 1300 şifrələnmiş işarədən ibarət olub. Mətnin yazılmasında müxtəlif hərflərdən, rəqəmlərdən, xüsusi simvollardan və sözləri əvəz edən işarələrdən istifadə edilib.
SentinelOne şirkətinin süni intellekt üzrə mütəxəssisi Karter Çörç bildirib ki, GPT-6 Astra modelindən istifadə edərək məktubun məzmununu oxumağa nail olub.
Onun sözlərinə görə, süni intellekt şifrənin açılması üçün təxminən 6 saat işləyib. Model əvvəlcə tarixi sənəddəki işarələri müəyyənləşdirib, daha sonra onların mənalarını araşdıraraq mətni oxunaqlı formaya salıb.

Deşifrə olunan məktubda Fransa ordusunun müxtəlif bölgələrdəki hərbi qüvvələrinin sayı və Avstriyaya qarşı planlaşdırılan əməliyyatlar barədə məlumatlar yer alıb.
Tədqiqatçı əldə etdiyi nəticələri Napoleonun həmin dövrə aid digər hərbi yazışmaları ilə müqayisə edərək mətnin tarixi mənbələrlə uyğunluğunu yoxlayıb.
Qeyd edək ki, məktubun şifrələnmiş versiyası 1969-cu ildə Fransa hərbi tarixi jurnalında dərc olunsa da, onun tam məzmununu oxumaq mümkün olmamışdı.
Bu nəticə süni intellekt texnologiyalarının tarixi sənədlərin araşdırılması və mürəkkəb şifrələrin açılmasında tətbiqinin yeni nümunələrindən biri kimi təqdim olunur.

