Sumqayıt şəhərində ictimai nəqliyyat sahəsində müasirlik və rahatlıq istiqamətində daha bir önəmli addım atılıb.
Den.az xəbər verir ki, şəhərə yeni gətirilən müasir, komfortlu və ekoloji baxımdan təhlükəsiz avtobuslar artıq xəttə buraxılıb.
İlk olaraq bu avtobuslar şəhər mərkəzindən Hacı Zeynalabdin qəsəbəsinə hərəkət edən 30 nömrəli marşrut xəttində fəaliyyətə başlayıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat-1" MMC-dən verilən məlumata görə, yenilənmiş nəqliyyat vasitələri geniş salon, kondisioner sistemi, elektron məlumat tabloları və rahat oturacaqlarla təchiz olunub. Avtobuslar həm sürücülər, həm də sərnişinlər üçün yüksək komfort təmin edir. Ən önəmlisi isə bu nəqliyyat vasitələri sərnişin axınının daha səmərəli idarə olunmasına imkan verir, hərəkət intervalını azaldır və yollardakı yüklənməni minimuma endirir.
Sakinlər bu yeniliyi böyük məmnuniyyətlə qarşılayıb. Hər gün 30 nömrəli marşrutdan istifadə edən vətəndaşlar avtobusların vaxtında və rahat şəraitdə hərəkət etməsini yüksək qiymətləndirir. Xüsusilə yaşlı sakinlər və məktəblilər üçün bu cür rahat nəqliyyat vasitələrinin əhəmiyyəti danılmazdır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu yenilik şəhərin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Son illərdə şəhərdə aparılan bu cür ardıcıl islahatlar nəticəsində nəqliyyat xidmətlərinin keyfiyyəti xeyli artıb, sərnişinlərin gündəlik həyatına rahatlıq və sürət gətirilib.
Məlumat üçün bildirək ki, Marşrut xətlərində də bu tip yeni avtobusların yenilənməsi və istifadəyə verilməsi planlaşdırılır. Bu isə o deməkdir ki, Sumqayıt daha rahat, təhlükəsiz və müasir ictimai nəqliyyat sisteminə doğru inamla addımlayır.
Yeni avtobusların istifadəyə verilməsi təkcə nəqliyyat sahəsində deyil, həm də şəhərin ümumi abadlıq və inkişaf siyasətində mühüm bir mərhələdir. Sumqayıt bu addımla bir daha sübut edir ki, sakinlərin rahatlığı və rifahı daim diqqət mərkəzindədir.
Nizami Rəsulov
Den.az