ABŞ-ın İranın nüvə obyektlərinə mümkün zərbələri qlobal maliyyə bazarlarında gərginliyi artırıb. Bildirilir ki, belə vəziyyətlərdə investorlar riskli aktivlərdən uzaqlaşıb dollara yönəlir. Bu isə valyutanın möhkəmlənəcəyi ehtimalını artırır.
Son hadisələr dollara necə təsir edəcək?
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində ABŞ administrasiyasının əsas məqsədlərindən biri dolların ucuzlaşdırılmasıdır:
Natiq Cəfərli
“Çünki dollar indeksinin aşağı düşməsi ABŞ məhsullarının beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır və ixrac həcmini yüksəldir. Bu müharibənin dollar indeksinə, birjalara və digər maliyyə göstəricilərinə müəyyən təsiri olsa da, əsas məsələ onun davamlılığıdır. Əgər münaqişə qısa müddətdə başa çatsa, dolların məzənnəsinə təsir edən əsas faktorlar yenidən makroiqtisadi göstəricilər olacaq.
Hazırda görünən odur ki, təxminən 45 gün sonra ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini azaldacaq və bu da dolların ucuzlaşmasına səbəb olacaq. Ən azı indeksdə müəyyən azalma müşahidə ediləcək ki, bu da Vaşinqtonun hazırkı iqtisadi siyasətinə uyğundur”.