Tanınmış ictimai şəxs Nailə İslamzadə, sosial şəbəkə istifadəçilərinə və media səhifələrinə müraciət edib.
DenMedia.az xəbər verir ki, Nailə İslamzadə özü sosial media hesabında bununla bağlı paylaşım edib.
O, son zamanlar sosial şəbəkələrdə və müxtəlif xəbər saytlarında şəkillərinin tez-tez paylaşılmasına münasibət bildirib.
Sənətçi qeyd edib ki, xoş sözlər və diqqət onu sevindirsə də, bu hal onun istəyinə ziddir:
> “Təşəkkür edirəm, diqqət və dəyərləndirmə mənim üçün önəmlidir. Amma bəzi paylaşımlar təhrif olunur, bilərəkdən kontekstdən çıxarılır və diqqət çəkmək məqsədilə yanlış başlıqlarla təqdim edilir.”
O bildirib ki, illərlə qazandığı tamaşaçı etimadı onun üçün ən böyük mükafatdır və şəkillərinin sosial mediada müzakirə obyektinə çevrilməsini istəmir:
> “İstəmirəm ki, mənim adım ‘klik’ və ya ‘layk’ üçün istifadə edilsin. Hamı bilir ki, doğum tarixim 1961-ci ildir, bunu təkrar-təkrar yazaraq izləyiciləri yormayın.”
İctimai şəxs əlavə edib ki, bəzi səhifələr illər əvvəl çəkilmiş şəkil və videoları yenidən paylaşıb, onları sanki indi çəkilmiş kimi təqdim edirlər:
> “Mövzu qıtlığınız varsa, bir az dərin düşünün. Haqqımda yazmaq istəsəniz, mənə müraciət edin.”
Sonda o, media və səhifə rəhbərlərindən bu qərarına hörmətlə yanaşmağı xahiş edib və xəbərdarlıq edib ki, əks halda bu, etik normaların, müəlliflik və şəxsi hüquqların pozulması kimi qiymətləndiriləcək.
Ellada Rəsul
DenaMedia.az