Quba rayonunu təmsil edən millət vəkili Əlibala Məhərrəmzadə son günlər sosial şəbəkələrdə onun villasındakı tikinti zamanı ustaların əməyinin qarşılığını ala bilmədikləri barədə yayılan iddialara münasibət bildirib.
Millət vəkili Den.az-a açıqlamasında yayılan məlumatları tamamilə əsassız və böhtan xarakterli adlandırıb. O, bu iddiaların həqiqətlə heç bir əlaqəsinin olmadığını bildirib:
> “Həmin ustalar mənim deyil, qardaşımın evində işləyiblər. Sosial şəbəkələrdə guya villamda işləyib pul ala bilmədiklərini yazmaqla həm ictimai rəyə təsir etmək, həm də məndən əlavə və əsassız ödəniş almaq niyyəti güdürlər.”
Əlibala Məhərrəmzadənin sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib və adıçəkilən ustalar barəsində qanuni tədbirlər görülüb:
> “Əksinə, həmin şəxslərin özləri qardaşımın evindən oğurluq etdikləri üçün polisə verilib. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Sosial mediada yayılan böhtan xarakterli məlumatların hüquqi qiymət alması üçün də müvafiq addımlar atılacaq.”
Millət vəkili ictimaiyyəti və medianı yalnız rəsmi mənbələrə istinad etməyə və təxribat xarakterli paylaşımlara inanmamağa çağırıb.
Qeyd edək ki, son günlər bəzi sosial media səhifələrində millət vəkili Əlibala Məhərrəmzadənin tikinti zamanı ustaların pulunu vermədiyi barədə iddialar yer alıb. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Nüşabə Baxşıyeva